
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Macarıstan təmsilçisi İsmail Musukayev yaponiyalı Yoşinosuke Aoyagi ilə görüş zamanı dava salıb.
Sportnet.az xəbər verir ki, 70 kq çəki dərəcəsində 1/4 final qarşılaşması Ayaoginin qələbəsi ilə yekunlaşıb.
Görüşün gedişində yaponiyalı pəhləvan parter vəziyyətində olan Musukayevə qarşı təkrarlanan hərəkətlər edib. Bundan sonra rəqibi ona bir neçə zərbə endirib.
Sosial şəbəkələrdə Musukayevin tribunanın altındakı məkanda da Ayaogi ilə münaqişəni sərt formada davam etdirməsinin görüntüləri yayılıb.
Əslən Rusiyanın Kabardin-Balkar Respublikasından olan güləşçi etdiyi hərəkətlə qürur duymadığını, lakin ona qarşı belə davranışın Qafqazda yolverilməzliyini söyləyib: "Döşəkdə baş verənlərlə fəxr hissi keçirmirəm və heç kəsi buna səsləmirəm. Hamınız bilirsiniz ki, mən sülhsevər insanam və səbəbsiz yerə özümü belə aparmazdım. O, hərəkətləri ilə məni təhqir etdi və şərəfimə toxundu. Nəticədə belə sonluğa səbəb oldu. Özünə hörmət edən istənilən kişiyə bu, toxunardı. Onların belə hərəkətə necə yanaşdıqlarını bilmirəm, amma Qafqazda bu, yolverilməzdir".