
Oktyabrın 20-də Serbiyanın Novi Sad şəhərində start götürəcək 23 yaşadək güləşçilər arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında keçirilən tədbirdə AGF-nin rəhbər şəxsləri iştirak edib.
Onlar komandalara məsul yarışda uğur arzulamaqla yanaşı, hər bir milli üzvünü işinə məsuliyyətlə yanaşmağa, nəticədən asılı olmayaraq, hər görüşdə son saniyəyədək əzmlə mübarizə aparmağa, sona kimi güləşməyə səsləyiblər.
Dünya çempionatına yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mundialda iştirak edəcək.
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Heyətdə Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Nərgiz Səmədova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədova (65 kq) yer alıb.
Yarışın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) uğur qazanmağa çalışacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.
Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.