2026-cı il dünya çempionatının dördüncü oyun günündə daha 2 qrupda ilk turun görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, E qrupunda turnirin favoritlərindən sayılan Almaniya millisi Kürasao ilə üz-üzə gələcək. ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda təşkil olunacaq matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyunu mərakeşli referi Calal Cayed idarə edəcək.
Qrupun digər matçında isə Kot-d'İvuar və Ekvador yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. İyunun 15-nə keçən gecə saat 03:00-da start götürəcək görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. Qarşılaşma Filadelfiya şəhərindəki "Linkoln Faynenşel Fild" stadionunda təşkil olunacaq.
F qrupunun ilk oyununda Niderland millisi Yaponiya ilə qarşılaşacaq. Dallas şəhərindəki "AT and T" stadionunda saat 00:00-da başlanacaq matçı ABŞ-dan olan referi İsmael Elfat idarə edəcək.
Qrupun digər oyununda isə İsveç və Tunis milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Meksikanın Monterrey şəhərindəki BBVA stadionunda baş tutacaq görüşü argentinalı baş hakim Yael Falkon idarə edəcək. Matçın start fiti gecə saat 06:00-da çalınacaq.



















































































