
Meksikanın Qvadalaxara şəhərində təşkil olunan cüdo üzrə Qran Prinin sonuncu yarış günündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) finala, Murad Fətiyev (90 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.
Kotsoyev həlledici qarşılaşmada italiyalı Cennaro Pirelli, Kokauri çexiyalı Lukas Krpaleklə üz-üzə gələcək.
Fətiyev isə daha bir çexiyalı Adam Kopeçkiyə rəqib olub.
Medal görüşləri bu gecə Bakı vaxtı ilə saat 3:00-da başlanacaq.
Qeyd edək ki, ilk 2 yarış günündə Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Hazırda aktivində 4 qızıl, 2 bürünc medal olan Azərbaycan millisi ümumi komanda hesabında birinci yerdə gedir.