
Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib.
Albaniyalı Andi Muka xalçaya çıxmayıb. Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finalda isə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmir yarımfinalda isə iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb. Əliyev sabah finalda rusiyalı Alibek Amirovla güləşəcək.
Fəraim Mustafayev (67 kq) hindistanlı Nişant Nişant (8:3) və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4) məğlub olub.
Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tam üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala yüksəldiyi üçün Nurullayev sabah təsəlliverici görüşə çıxacaq. Təmsilçimiz Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan) qarşılaşmasının qalibiylə güləşəcək.
Əli Quliyev (97 kq) təsnifat mərhələsində rusiyalı Maksim Averinə (UWW) uduzub – 1:5.