
Serbiyanın Novi Sad şəhərindəki U-23 dünya çempionatında bu gün daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.
Sportnet.az xəbər verir ki, Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb.
O, U23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Əliyev karyerasında ilk dəfə dünya çempionu olub.
Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kq) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçi bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.
Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış Azərbaycan komandası medalların əyarına görə yeni rekorda imza atıb.
Milli ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb.
Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.