2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, bu barərə Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərar qəbul edib.
Yeni qərara əsasən, mundial 4 – 11 oktyabr 2026-cı ildə baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr 4 – 10 oktyabrda, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunub.
Qeyd edək ki, daha əvvəl qarşıdakı dünya çempionatının 9 – 16 iyul 2026-cı ildə Milli Gimnastika Arenasında keçiriləcəyi açıqlanmışdı.




































































