Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə Azərbaycan millisinin daha bir üzvü fəxri kürsüyə qalxıb.
Ali Tsokayev (86 kq) italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.
Ayxan Abdullazadə (65 kq) isə təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan millisi mundialı 1 dəst medalla başa vurub.
Xatırladaq ki, daha əvvəl Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığma 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.









































































