Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçularımız bu il beynəlxalq turnirlərdə 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanıblar. O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Federasiyanın baş sponsuru “Azercell Telecom”a, həmçinin yarışın sponsoru “Azman Holding”ə təşəkkürünü bildirib.
Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.
------------------------------
Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə cüdo növündə əldə olunmuş nailiyyətlərdən danışıb.
O, xüsusən Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanın 2 cüdoçusunun qızıl medal qazandığını vurğulayıb. Nazir Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirərək, bütün yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxış edərək, il ərzində həyata keçirdikləri layihələr və əldə etdikləri nailiyyətləri vurğulayıb.
Bu nailiyyətlər videoçarx formasında da nümayiş etdirilib.
Bədii hissədə rəqs qruparının çıxışlarından sonra medal görüşləri davam etdirilib.
Xatırladaq ki, dekabrın 5-də start götürmüş Azərbaycan çempionatında 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində yarışır.





























































































