Nigeriyada məşhur boksçu Entoni Coşuanın iştirak etdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan iki nəfər onun məşqçiləri olub.
Sportnet.az "Home of Fight"a istinadən xəbər verir ki, dünyasını dəyişən şəxslərdən Sina Qami Coşuanın güc və fiziki hazırlıq üzrə məşqçisi olub və britaniyalı boksçunu amerikalı bloger Ceyk Polla döyüşə hazırlayıb.
Digər şəxs isə Coşuanın şəxsi məşqçisi Lats olub. Hər iki mütəxəssis qəza zamanı yolsuzluq avtomobilinin ön hissəsində olub və hadisə yerində həyatını itirib.
Qəza Laqos – İbadan avtomobil yolunda baş verib. Avtomobil yolun üzərində dayanmış yük maşınına çırpılıb. 36 yaşlı idmançı avtomobilin arxa oturacağında olub və yüngül xəsarətlərlə xilas olub.
Qeyd edək ki, 36 yaşlı Entoni Coşua ağır çəkidə IBF, WBA və WBO versiyaları üzrə sabiq dünya çempionu, həmçinin London-2012 Yay Olimpiya Oyunlarının qalibidir. O, peşəkar karyerası ərzində 29 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.










































































