Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, rəsmi hissədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev çıxış ediblər.
Onlar 400-dək güləşçinin qatıldığı yarışın, eləcə də güləş növünün Azərbaycan üçün əhəmiyyəti və daşıdığı önəmə diqqət çəkiblər. Çıxışlar zamanı ölkə çempionatının hər bir güləşçi üçün mühüm mərhələ olduğu vurğulanıb, güləşin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib, sonda yarış iştirakçılarına uğurlar arzulanıb.
Federasiyanın baş katibi Pərvin Piriyev isə bildirib ki, Azərbaycan çempionatının nüfuzunun qaldırılması prioritet məsələdir. Piriyev bu məqsədlə çəki sistemi, çəkiliş, hakimlik, nizam-intizamın yüksəldilməsi sarıdan müəyyən addımlar atdıqlarını diqqətə çatdırıb. O, yarışın sponsor və tərəfdaşlarına təşəkkürünü ifadə edib.
Bədii hissənin ardından, karyerasını bitirmiş güləşçilər Mariya Stadnik, Hacı Əliyev, Rəsul Çunayev, Rafiq Hüseynov və Taleh Məmmədov təltif olunub. Mükafatları Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev təqdim edib.
Final görüşlərinə başlamazdan əvvəl azarkeşlər arasında əyləncəli müsabiqə də təşkil olunub və qaliblər mükafatlandırılıb.





















































































