"Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri turniri Dünya Güləş Birliyinin təqvimində əsas yerlərdən birini tutur. Yarışlar 8-ci dəfə keçiriləcək". Sportnet.az-ın məlumatına görə, bunu Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinə hazırlıq çərçivəsində qadınlardan ibarət Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.
Federasiyasını prezidenti Fazil Məmmədovun tapşırıqlarından birinin bu turnirin tədricən dünya güləşi üçün əsas yarışlardan birinə çevrilməsi olduğunu bildirən Ə.Cəfərov birinci vitse-prezidenti Namiq Əliyevin Dünya Güləş Birliyi ilə sıx əlaqədə olması və görülən işlərin öz bəhrəsini verdiyini söyləyib.
O, qeyd edib ki, digər yarışlardan fərqli olaraq bu dəfə format fərqli olacaq: "Fikir versəniz, son illərdə Qızıl Qran Pri turnirində planetin ən güclü güləşçiləri iştirak edirlər. Burada hamı qalib olmaq istəyir. Bütün bunlar turnirin nüfuzundan xəbər verir. Bu dəfə format da fərqli olacaq. Belə ki, final mərhələsində dünya çempionatı, eyni zamanda, qitə çempionatlarında yüksək nəticələr göstərən idmançılar mübarizə aparacaqlar. 40-dan çox ölkənin qatılacağı turnir üçün artıq iştirak ərizələri federasiyamıza ünvanlanıb. Siyahıda bir sıra dünya, Avropa və Olimpiya çempionları var. Öz növbəmizdə biz də əsas komandanın üzvlərini heyətə daxil etmişik. Bundan başqa, bəzi gənc, perspektivli güləşçiləri də sınaqdan keçirmək niyyətindəyik. Əlbəttə ki, komandanın qarşısına maksimum sayda medal qazanmaq tapşırığı qoyulub".
Baş katibin sözlərinə görə, bir sıra güləşçilər 2016-cı il Rio-de-Yaneyro Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə fərqli çəkidə çıxış edəcəklər: "Düşünürəm ki, turnir olduqca gərgin idman mübarizəsi şəraitində keçəcək. Xüsusilə qeyd etmək istərdim ki, Qızıl Qran Pri turniri bütün dünyanın və təbii ki, Azərbaycan güləşinin inkişafında əhəmiyyətli rol oynayır".