Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, əsas diqqətlər sərbəst güləşçilərin mübarizəsində Avropa və ikiqat dünya çempionu Hacı Əliyevlə ikiqat Avropa çempionu Cəbrayıl Həsənovun çıxışlarına yönəlib. Hər iki pəhləvanımız yarışı medalla başa vurublar.
Həsənov finaladək bütün rəqiblərini məğlub edə bilsə də, həlledici görüşdə türkiyəli Söner Demirtaşa 1 xalla uduzub. Bununla da o, 3-cü Avropa çempionluğunu qazana bilməyib. Əliyev isə yarımfinalda uduzduğundan, qızıl medal şansını əvvəldən itirmişdi. Hər halda, güləşçimiz bürünc medal uğrunda döyüşdə Ermənistan təmsilçisi Volodya Franqulyana inamla qalib gəlməsi ilə yadda qalıb.
23 yaşadək qadın güləşçilər arasında Avropa çempionu Alyona Kolesnik isə mübarizəyə başladığı 1/4 finalda məğlub olaraq yarışı mükakaftsız başa vurub.
Avropa çempionatı
Üçüncü yarış günü
Qadın güləşi
55 kq
1/4 final. Alyona Kolesnik - Simona Prikob (Rumıniya) - 0:6
Sərbəst güləş
61 kq
1/8 final. Sarinas Yurkis (Litva) - Hacı Əliyev - 0:11
1/4 final. Hacı Əliyev - Vladimir Dubov (Bolqarıstan) - 11:0
1/2 final. Hacı Əliyev - Vladimir Xinçeqaşvili (Gürcüstan) - 2:4
Bürünc medal görüşü. Volodya Franqulyan (Ermənistan) - Hacı Əliyev - 0:7
74 kq
1/8 final. Yakov Maxaraşvili (Gürcüstan) - Cəbrayıl Həsənov - 0:5 (tuşe)
1/4 final. Giya Çixladze (Ukrayna) - Cəbrayıl Həsənov - 3:4
1/2 final. Cəbrayıl Həsənov - Miroslav Kirov (Bolqarıstan) - 10:0
FİNAL. Cəbrayıl Həsənov - Söner Demirtaş (Türkiyə) - 1:2
Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycan güləşçilərindən Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) bürünc medala sahib olub.