Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan güləşçiləri 5 medal qazanıb.
Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qızıl medal əldə edib. Bütün rəqiblərini məğlub edən idmançı finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub.
Gümüş medallar yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.