Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb. Sportnet.az-ın məlumatına görə, bu gün baş tutan final mərhələsində rinqə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb.
Həlledici görüşədək 3 rəqibinə qalib gələn olimpiya mükafatçısı ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 5:0. Nəticədə "Qəbələ" klubunun üzvü olan 25 yaşlı Şahsuvarlı Avropa çempionatını gümüş medalla bitirib.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü 1/4 finala kimi irəlilədiyindən, dünya çempionatına lisenziya da qazanıb. Şahsuvarlı ilə yanaşı, Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək mundiala qatılmaq hüququna yiyələniblər.