2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Sportnet.az-ın məlumatına görə, yığma komandalar iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
Onlar 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla toplam 99 medal qazanıb. Son 9 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilər nailiyyətlərini artan templə davam etdiriblər. 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82, 2016-cı ildə 86 medal qazanılıb.
Böyüklər
İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıblar. İranda keçirilmiş yarışları yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə üçüncü sırada başa vurub.
Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilər ili uğurla başlayıb. Sərbəst və qadın güləşçilər komanda hesabında 2-ci nəticə göstərib.
Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilər 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub.
Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanıılıb. Sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə Azərbaycanın güləş tarixində yeni səhifə yazılıb.
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatında 2 qızıl, 3 gümüş və 6 bürünc medal əldə olunub. Sərbəst güləşçilər komanda hesabında dünya üçüncüsü olub.
U-23
Macarıstanın Şombateli şəhərində keçirilmiş 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatında 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanılıb. Medal əyarına görə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığma Avropa üçüncüsü olub.
Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə Azərbaycan yığmaları 5 bürünc medal qazanıb.
Gənclər
Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında pəhləvanlar ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilər komanda hesabında 2-ci nəticə göstərib.
Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Yeniyetmələr
2017-ci il yeniyetmə güləşçilər Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilər komanda hesabında ikinci olub.
Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilər 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib.
Bundan başqa, yığma komandalar 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.
Beləliklə, 2017-ci il ərzində Azərbaycan güləşçiləri 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıblar. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilər böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə edilən medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.