
Noyabrın 29-da Rusiyanın paytaxtı Moskvada start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, iki gün davam edən yarışda ölkəni yalnız sərbəst güləşçilər təmsil edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparacaq.
Reqlamentə əsasən, noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi yarışlar olacaq. Ertəsi gün isə "Lujniki" İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.