Sportnet.az xəbər verir ki, ilk yarış günündə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisi ilə qarşılaşan Əzizli ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.
Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.
Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçi 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı ilə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Süleymanov son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisi ilə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə çempionatının finalına vəsiqə qazanıb.
İslam Abbasov ilk mərhələdə yanvarda Fransa Qran-prisində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Abbasov belaruslu rəqibindən revanş alıb. O, 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macarıstanlı həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşəcək.
Sabah Şəriəti startda Ermənistan təmsilçisi ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda o, rumıniyalı rəqibinə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər sabah gündüz, medal qarşılaşmaları isə axşam seansında keçiriləcək.
----------------
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla üz-üzə gəlib.
1/4 finalda rəqibini məğlub edən dünya və Avropa çempionu yarımfinala yüksəlib.
Qeyd edək ki, daha öncə digər yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) David Ovasapyana (Ermənistan) qalib gəlib, ardınca isə Alin Aleksuk Kiurariuya (Rumıniya) uduzub. Sənan Süleymanov (77 kq) isə təsnifatda Aik Mnatsakanyanı (Bolqarıstan) üstələyib.
İslam Abbasov (87 kq) ilk görüşündə Kiril Maskeviçi (Belarus) məyus edib, daha sonra isə Arkadiuş Kuliniçi (Polşa) məğlubiyyətə uğradıb. Taleh Məmmədov (63 kq) İbrahim Labazanova (Rusiya) uduzub.
-------------------------------------------------------------------
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.
Sportnet.az məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti Ermənistan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.
1/8 finalda rəqibini 3:0 hesabı ilə məğlub edən güləşçi 1/4 finala yüksəlib.
-------------------------------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.
Təsnifat mərhələsində erməni əsilli idmançını 5:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.
Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.