Koronavirus epidemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları 30 aprel tarixinədək təxirə salan Beynəlxalq Cüdo Federasiyası (IJF) təsnifat dövrünü uzadıb.
Sportnet.az xəbər verir ki, idmançılar iyunun 30-dək lisenziya xarakterli turnirlərdə iştirak edə biləcəklər. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Bundan başqa, aprelin 30-na nəzərdə tutulan qitə çempionatının təxirə salınacağı da bildirilib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prilər, həmçinin 6-8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub. Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulmuşdu.