"Biz hökumətin COVİD-19 virusu ilə bağlı reaksiyasını yaxından izləyirik. İdmançılarımızı, məşqçilərimizi və idman azarkeşlərini ən son xəbərlərlə məlumatlandıracağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç qurumun rəsmi saytına açıqlamasında koronavirus epidemiyasına görə qarşıdakı beynəlxalq turnirlərin təxirə salınmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, idmançıların sağlamlığı hər şeydən vacibdir: "Olimpiadanın iştirakçıları yarışlarda müəyyənləşəcək. Amma bütün dünya bu pandemiya ilə mübarizə apararkən səbirli və ayıq olmalıyıq. Bizim üçün ən vacib olan idmançıların sağlamlığı və rifahıdır”.
Qeyd edək ki, 19-22 martda Macarıstanın paytaxtı Budapeştdə, 30 aprel - 3 mayda isə Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Olimpiya Təsnifat turnirləri təxirə salınıb.