Bakı Dövlət Universitetinin (BDU) tələbəsi İlkin Qənbərlinin meyiti Xəzər dənizinin Bakı bulvarı yaxınlığındakı hissəsindən tapılıb.
Sportnet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
İlkin Qənbərli BDU-nun Geologiya fakültəsinin tələbəsi olub. O, martın əvvəllərində itkin düşüb. Həmin vaxt universitetin yaydığı açıqlamada Qənbərlinin təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim etdiyi vurğulanıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır. 19 yaşlı gəncin hansı səbəbdən öldüyü araşdırmalardan sonra məlum olacaq.