Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə təmsil edən cüdoçu Səid Mollayi final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı idmançı həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.
Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Medallardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc olub.
-----------------
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.
-----------------
Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.
----------------------
Azərbaycanın 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da çıxış edən Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Estrada olacaq.
81 kq-da isə Səid Mollayi adını finala yazdırıb. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Melonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Sagi Mukidən, növbəti raundda isə qırğızıstanlı Azad Musabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzario Tatalaşviliyə qalib gəlib. 30 yaşlı cüdoçu finalda braziliyalı Gilyerme Şmidtlə münasibətlərinə aydınlıq gətirəcək.
Eyni çəki dərəcəsində yarışan Zelim Tçkayev isə 1/8 finalda türkiyəli Vedat Albayraka uduzaraq, turniri medalsız başa vurub.
------------------------------------------------
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərov, 81 kq-da isə milli komandanın yeni üzvü Səid Mollayi, həmçinin Zelim Tçkayev qüvvəsini sınayacaq.
Artıq idmançıların ilk rəqibləri bəllidir. Orucov braziliyalı Daniel Karnini, Heydərov ABŞ-dan olan Cek Yonezukanı sınağa çəkəcək.
Mollayinin rəqibi Aybol Nissanali (Qazaxıstan) - Atanasios Melonelis (Yunanıstan) cütünün qalibi olacaq. Tçkayev isə startda Zaur Dvalaşvili (Gürcüstan) - Bendequz Demeter (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 4 Azərbaycan cüdoçusu medal qazana bilməyib.