Cüdo üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.
Yığma görüşə 0:1 hesabı ilə geridə başlayıb. Buna baxmayaraq, komanda əzmkarlıq göstərərək, tarazlığı bərpa edib - 3:3. Qaydalara görə, hesab bərabər olanda həlledici görüş keçirilməlidir. Qarşılaşmanın hansı çəki dərəcəsində olacağı isə püşkatma ilə müəyyən edilir. Püşkatma həlledici görüşün 63 kq.-da olmasına qərar verib. Bu çəkidə yer alan Fidan Əlizadə zədəli olduğuna görə, tatamiyə çıxa bilməyib və qələbə avtomatik Fransa yığmasına verilib.
--------------------------------
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında komanda yarışları start götürüb.
Sportnet.az xəbər verir ki, Azərbaycan yığması ilk qarşılaşmasında Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Görüş milli komandanın qələbəsi ilə yekunlaşıb. 1/4 finalda rəqib Kanada olub. Bu qarşılaşmadan da 4:2 hesablı qələbə ilə ayrılan Azərbaycan millisi yarımfinalda Ukraynaya rəqib olub. Əsas hissəsi 3:3 hesablı heç-heçə ilə nəticələnmiş görüşün taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.
Həlledici qarşılaşmada rəqib Fransa olacaq. Azərbaycan yığması görüşə itki ilə çıxacaq. Komanda üzvü Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyi üçün həkim müayinəsindən sonra xəstəxanaya aparılıb.
Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov və Şahin Oruczadə (60 kq), Camal Bağışov və Əli Hacızadə (81 kq), həmçinin Ramazan Əhmədov (+81 kq) gücünü sınayacaq.