"Dünyada nadir komandalardanıq ki, peşəkar səviyyədə çimərlik güləşi ilə məşğul oluruq".
Sportnet.az xəbər verir ki, bunu Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Bakıdakı qarşılama zamanı deyib.
Mütəxəssis Avropa çempionatından sonra mundialda da uğurla çıxış etdiklərini bildirib: "U-17 yaş qrupunda 4 qızıl medalla komanda hesabında dünya çempionu, U-20 yaş qrupunda isə bir dəst medalla komanda hesabında dünya ikincisi olduq. Son olaraq, Dünya Seriyasının final mərhələsi keçirildi. Bu yarış həm də dünya çempionlarını müəyyənləşdirirdi. Bir qızıl, iki gümüş medal qazandıq. Bu yarışlara çox yaxşı hazırlaşmışdıq. 2026-cı ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi də yer alacaq. U-17 yaş qrupunda qazanılan uğurlar çalışmaların doğru istiqamətdə getdiyini göstərir. Gələn il Dünya Çimərlik Oyunları keçiriləcək. Əsas məqsədimiz bu oyunlara yaxşı hazırlaşmaqdır".
Nəzəriani komandanın yarışlara hazırlaşmaq üçün yaxşı şəraitinin olduğunu söyləyib: "Olimpiya Güləş Mərkəzində çimərlik güləşi zalımız var. Əlverişsiz hava şəraitində qapalı məkanda məşq keçə bilirik. Bu, bizim üçün ən böyük müsbət məqamdır. Bunun nəticəsi olaraq, Avropa və dünya çempionatında uğurlu çıxış etdik”.
U-17 yaş qrupunda 90 kq çəki dərəcəsində dünya çempionu olan İbrahim Yusubov təəssüratlarının çox yüksək olduğunu deyib: "Dünya çempionu olduğum üçün çox sevinirəm. Məşqçilərimizlə birlikdə çəkdiyimiz əziyyət yerdə qalmadı. Bütün yaş qruplarında çox yaxşı çıxış etdik. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında keçdiyimiz məşqlərin bəhrəsini gördük. Başda prezident İlham Əliyev olmaqla, bizə belə şərait yaradan Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, həmçinin şəxsi məşqçim Firdovsi Umudova təşəkkürümü bildirirəm. Sevincimizə şərik olan hər kəsə minnətdaram. Çalışacağam ki, gələn il Dünya Çimərlik Oyunlarında da qızıl medal qazanım”.
20 yaşadək güləşçilər arasında 90 kq-da dünya çempionu olan Fərid Cabbarov yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür edib: "Sevinirəm ki, ikinci dəfə dünya çempionu oldum. Məşqçilərimizlə, komanda yoldaşlarımla birgə əziyyət çəkdik. Hamını təbrik edirəm. Ümidvaram ki, bundan da böyük nəticələr qazanacağıq. Gələn il böyüklər arasında Dünya Seriyasında da özümü sübut etməyə çalışacağam”.
U-20-də 90 kq-dan yuxarı çəki dərəcəsində gümüş medalçı Zəfər Əliyev yarışın çox yaxşı keçdiyini bildirib: "Dünya çempionu olmaq istəyirdim. Ancaq finalda zədələrim qələbə qazanmağa imkan vermədi. İnanıram ki, gələn il daha yaxşı nəticələrə imza atacağam. Komandamız çox yaxşıdır. Hətta deyərdim ki, bu idman növündə ən güclüsü bizik”.