Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası Fransada keçirilən birinci kateqoriyalı "Fenioux Piste İnternational” kubokunun 2-ci günündə də uğurlu çıxışını davam etdirib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma komandamızın üzvü Olqa İsmayılova sprint yarışlarında final mərhələsinədək irəliləyərək turniri ikinci pillədə başa vurub.
Bununla da İsmayılovanın reytinqinə daha 72 xal əlavə olunub. Kişilərin sprint yarışında isə yığma komandamızın üzvü Sergey Omelçenko 21 nəfər arasında 9-cu yer tutub. Digər velosipedçilərimizdən Yelena Pavluxina 25 km məsafəyə qrup ötüşmələrində 14 nəfər arasında 4-cü, 500 metr məsafəyə omniumda isə 9-cu olub.
Qeyd edək ki, Azərbaycan yığma komandasının da qatıldığı "Fenioux Piste İnternational” Kubokunda Böyük Britaniya, Fransa, Yeni Zelandiya, İtaliya, İspaniya yığma komandaları, eləcə də Çexiyanın "Dukla”, İsveçrənin "Ümumdünya Velosiped Mərkəzi” və digər komandalar mübarizə aparır.