Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, açılış oyununda Meksika və Cənubi Afrika Respublikasının (CAR) milli komandaları üz-üzə gəlib.
Mexikodakı "Asteka" stadionunda keçirilmiş A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı artıq 9-cu dəqiqədə Xulian Kinyones açıb. O, həm də mundialın ilk qolunun müəllifi olub.
İkinci hissə CAR millisi üçün daha ağır alınıb. 49-cu dəqiqədə Yaya Sithoul rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Meksika millisi say üstünlüyündən yararlanaraq daha bir qol vurub. 67-ci dəqiqədə Raul Ximenes fərqi artırıb. Hazırda İngiltərə "Fulhem"ində çıxış edən 35 yaşlı hücumçu 4-cü mundialında ilk dəfə rəqib qapısına yol tapmağa müvəffəq olub.
Bundan bir dəqiqə əvvəl isə yerli komandanın daha bir üzvü Xilberto Mora meydançaya çıxaraq, hazırkı dünya çempionatının ən gənc oyunçusu statusuna yiyələnib.
Qalan bölümdə isə braziliyalı FIFA referisi Vilton Sampayo daha 2 qırmızı vərəqə göstərib. 84-cü dəqiqədə Temba Zvane CAR yığmasını 9 oyunçu ilə qoyub. 90+2-ci dəqiqədə isə meksikalı Sezar Montes meydançadan qovulub.
Beləliklə, 2 qol və 3 qırmızı vərəqənin qeydə alındığı görüşdən Meksika millisi qələbə ilə ayrılıb.
Bu qrupun digər matçı olan Cənubi Koreya - Çexiya görüşü bu gün Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.
DÇ-2026
A qrupu
23:00. Meksika - CAR - 2:0
Qollar: Xulian Kinyones, 9. Raul Ximenes, 67
Qırmızı vərəqələr: Sezar Montes, 90+2 - Yaya Sithoul, 49. Temba Zvane, 84
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko (Meksika), "Asteka" stadionu
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.












































































