"Zirə" Misli Premyer Liqasının XXII turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.
Spoetnet az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır və mübarizənin çox olduğu matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi. 75-ci dəqiqədən sonra qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda doldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm.
- “Zirə" qış fasiləsindən sonra rəqib tanımırdı. “Neftçi”yə isə 2 oyunda da uduzmusunuz. Samir Abasov - Rəşad Sadıqov amilini önə çəkmək olar?
- Futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl... 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda "Neftçi"nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Qarşımda fərqli "Neftçi" gözləmirəm. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsünüz bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər, bizə qarşı oynamaq maraqlıdır.
- Rəşad Sadıqovun ad və soyadı ola bilər?
- Düşünmürəm. Orada bəlkə də 90 faiz insan məni tanımır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın tərəf biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub-saxlaya bilmədik.
- Eldar Quliyev son vaxtlar oynamır. Bunun səbəbi nədir?
- Virus yayılanda xəstələnmişdi. 15-20 gün hərarəti yüksək oldu. Zədəlilərimiz var. Davit Volkov qışda xəstələnmişdi, tam sağalmamışdı. Hücum xəttində disbalans yaşayırıq.
Həşim MƏMMƏDOV