
“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sabah”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.
"Kimyaçılar"dan qolları Ronaldo Vaskez (dəq. 18), Bodir Abdixolikov (dəq. 46) və Momo Yansane (dəq. 87) vurub. “Bayquşlar”dan Umarali Raxmonaliyev (dəq. 6; 71) və Tellur Mütəllimov (dəq. 77) fərqlənib.
Beləliklə, bu nəticədən sonra Vaqif Cavadovun baş məşqçi olduğu komanda 29 xalla 7-ci, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv isə 36 xalla 5-ci pillədə qalıb. Əvəzində "Sabah" 15-ci heç-heçəsini edərək, bu göstəricidə tarixi rekorda imza atıb. İndiyədək heç bir mövsümdə hər hansı komanda bu qədər "sülh"ə razılaşmayıb. Çempionatın sonuna hələ 8 tur qaldığından, heç-heçə sayının daha da artacağı istisna olunmur.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” matçında isə qalib müəyyənləşməyib - 1:1. Martın 30-da keçiriləcək son iki qarşılaşmada "Kəpəz" "Səbail"i, "Zirə" "Şamaxı"nı qəbul edəcək.
-------------------------
Azərbaycan Premyer Liqasında XXVIII turun ikinci oyun gününün ilk matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş erkən qollarla başlayıb. “Ağ-qaralar”ın hücumçusu Bassala Sambu oyunun 3-cü dəqiqəsində hesabı açıb. Cavabında “qırmızı-ağlar”ın legioneri İssuf Paro 3 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu, həm də 31 yaşlı müdafiəçinin mövsümdə ilk qoludur.
Bu nəticədən sonra Samir Abasovun komandası 32 xalla 6-cı, Elmar Baxşıyevin kollektivi isə 48 xalla 3-cü pillədəki yerini dəyişməz saxlayıb.
Komandalar oyun zamanı itkilərlə üzləşiblər. 54-cü dəqiqədə Mustafa Sek, 84-cü dəqiqədə Əyyub Allaş zədələnərək, meydanı tərk ediblər.
Qeyd edək ki, günün ikinci oyununda “Sumqayıt” və “Sabah” komandaları qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da çalınacaq. Turun ilk matçında isə "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. Son 2 qarşılaşma martın 30-da keçiriləcək.
-----------------------
Azərbaycan Premyer Liqasında IV dövrənin ilk turunun bu gün daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, XXVIII turun ikinci oyun günündə ilk matçda “Neftçi” “Araz Naxçıvan”ı qəbul edəcək. Paytaxt klubu son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” isə son 2 oyunda meydandan qalib ayrılıb.
Günün son oyununda “Sumqayıt” yerli azarkeşləri qarşısında “Sabah”la qarşılaşacaq. Qonaqlar son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
Hazırda "Araz-Naxçıvan" 47 xalla 3-cü, "Sabah" 35 xalla 5-ci, "Neftçi" 31 xalla 6-cı, "Sumqayıt" isə 28 xalla 7-ci pillədə qərarlaşıb. "Sumqayıt" "Sabah"a qalib gəlsə, 6-cı pilləyə yüksələ bilər. Bundan ötrü həm də "Neftçi" "Araz-Naxçıvan"a uduzmalıdır.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” səfərdə “Turan Tovuz”u böyük hüsabla udub - 4:1. Turun son iki oyunu martın 30-da keçiriləcək.
29 mart (şənbə)
16:45. “Neftçi” – “Araz-Naxçıvan” - 1:1
Qollar: Bassala Sambu, 3 - İssuf Paro, 7
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Sabah” - 3:3
Qollar: Ronaldo Vaskez, 18. Bobir Abdixolikov, 46. Momo Yansane, 87 - Umarali Raxmonaliyev, 6; 71. Tellur Mütəllimov, 77
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu