
“Məğlubiyyətsiz davam etməyimiz onu göstərir ki, I Liqaya layiqli şəkildə vəsiqə qazanmışıq. Mövsümün əvvəlindən qarşımıza qoyulan məqsəd çempionluq idi. İndi qalıb çempionluq məsələsi, bunun üçün də əlimizdən gələni edəcəyik”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev deyib.
36 yaşlı yarımmüdafiəçi komandasının XX turda “Hypers Quba”nı 2:1 hesabı ilə məğlub edərək, mövsümün bitiminə 6 tur qalmış I Liqaya məğlubiyyətsiz vəsiqə qazanmalarından məmnunluğunu bildirib.
O, “Şimal derbisi”ndə baş verən gərginlikdən də danışıb: “Hypers Quba”ya vurduğumuz ikinci qoldan sonra biz sevindik, rəqib də kədərləndi. Şimal zonasının komandalarıyıq, bir-birimizə hörmətlə yanaşırıq. Orada məşqçilər heyətimizdən birinin sevinməsi rəqibin xoşuna gəlməyib. Anlaşılmazlıq idi, böyümədən yoluna qoyduq".
Əmirquliyevin sözlərinə görə, "Şahdağ Qusar"ın I Liqaya vəsiqə qazanması bütün qusarlıları sevindirib: "Camaat çoxdandır bu günü gözləyirdi. Bundan sonra hədəf elitaya yüksəlməkdir. Komandamıza rəhbərlik tərəfindən tam dəstək var. Əsas işimiz çempion olmaqdır. Mövsümün sonuna qədər işimiz çətinləşəcək. Rəqiblərimiz güclənir. Xüsusən, “Şəfa”nı qeyd edərdim. Hər bir halda qarşıya qoyulan məqsəd var və ona çatmalıyıq“.
Aparıcı futbolçu komandasının gələn mövsüm I Liqadakı ev oyunlarını Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirməyəcəyinə ümid etdiyini deyib: “Qusarda oynaya bilməməyimiz və rəqiblərimizi Şamaxıda qəbul etməyimiz təkcə özümüz üçün deyil, bizi dəstəkləməyə gələn azarkeşlər üçün də ən böyük problemdir. İstərdik ki, rayonumuzdakı stadion istifadəyə verilsin. Bizə deyilən məlumata görə, Şövkət Orduxanov adına Qusar şəhər stadionu qısa müddətdə təmir olunaraq, təhvil veriləcək. Mövsümün sonuna başa çatar, yoxsa yox, onu dəqiq bilmirəm. Tikinti gedir, ümidvaram ki, tezliklə təhvil verməyə çalışacaqlar”.
Azərbaycan millisinin sabiq kapitanı mövsümün sonunda futbolçu karyerasını bitirmə ehtimalından da danışıb. Hazırda həm də “Səbail”in U-19 komandasının məşqçilər heyətində fəaliyyət göstərən Əmirquliyev növbəti mövsüm iki işdə çalışa bilməyəyəcəyini, bunun üçün də yayda seçim edəcəyini diqqətə çatdırıb: “İstərdik ki, oynayım. Mövsüm bitəndə I Liqaya fayda verə bilib-bilməyəcəyimə dair bir qərara gələcəyəm. Görsəm ki, komandaya xeyrim dəyəcək, karyeramı davam etdirəcəyəm, əks halda, karyeramı bitirəcəyəm. İlin ikinci rübündə B kateqoriyalı məşqçilik kursları olmalıdır. Düşünürəm ki, həmin kurslarda iştirak edim. Məşqçi kimi işlədiyim halda, ikinci iş yeri problem olacaq. Ona görə çempionat bitəndən sonra qərar verməliyəm. Ya oynamalı, ya da məşqçi kimi fəaliyyət göstərməliyəm”.
Qeyd edək ki, futbola “Şahdağ”dan başlayan Rahid Əmirquliyev karyerası ərzində “Xəzər-Lənkəran”, “Qarabağ” və “Səbail”in formasını geyinib. Təcrübəli kapitan indiyədək Azərbaycan Premyer Liqasında 451 olmaqla, ən çox oyun keçirən futbolçudur.