
Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə qarşılaşacaq Azərbaycan millisi dünən oyunun keçiriləcəyi arenada məşq edib.
Sportnet.az xəbər verir ki, bu gün oyunöncəsi son məşqini də adıçəkilən zalda edəcək millimizin kapitanı Emin Kürdov İsveçə qarşı keçirəcəkləri görüşlə bağlı fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
O deyib: “İsveçə dünən gəldik və yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik.
Heyətimizdə mikrozədəlilər var. Həmin zədələr onların oynamağına mane olmayacaq. İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu görüşə yönəldəcəyik. Düzdür, Bakıya döndükdən 2 gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar.
Bu gün baş məşqçi tərəfindən videogörüntülər təqdim olunacaq. Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əlehimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məqşimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.