
İtaliya A Seriyasında 2024/2025 mövsümünün qalibi "qızıl oyun"la müəyyənləşə bilər.
Sportnet.az xəbər verir ki, 33 turdan sonra turnir cədvəlinin liderləri "İnter" və "Napoli" komandalarının aktivində 71 xal var.
Tərəflər arasında cari mövsümdə keçirilən hər iki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Beləliklə, klublar mövsümün sonunda da eyni xala malik olsalar, "qızıl oyun"da üz-üzə gələcəklər. Matçın "Stadio Olimpiko"da keçiriləcəyi gözlənilir. Əsas vaxtda heç-heçə qeydə alınarsa, qalib penaltilər seriyasında müəyyənləşəcək.
İtaliya çempionatında sonuncu belə hal 1964-cü ildə baş verib. Həmin mövsümdə eyni xala malik "İnter" və "Bolonya" arasında həlledici görüş keçirilib. Skudettonu isə 2:0 hesablı qələbə ilə "Bolonya" komandası qazanıb.
Qeyd edək ki, A Seriyasında 2023/2024 mövsümünün qalibi "İnter" olub.