
“Rəqib komandanın futbolçusu vurulubsa, o hadisəni törədən şəxs mütləq şəkildə komandadan uzaqlaşdırılacaq. Daxili araşdırmanı bitirək, müəyyən uyğunsuzluq və sualların olduqlarını görsək, apellyasiya verəcəyik”.
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Şamaxı” futbol klubunun baş meneceri Kamran İsmayılov AFFA İntizam Komitəsinin qərarından sonra başlatdıqları klubdaxili araşdırmanın gedişatı barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, U-15 komandasının məşqçisi Vüqar Süleymanovun "Metak"la matçda meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu vurması ilə bağlı verilən cəzaya görə klubda müəyyən suallar yarandığını üçün belə addım atılıb: “Ola bilər, qərarların müəyyən hissəsindən apellyasiya şikayəti verək. Bir şeyi dəqiq deyə bilərəm ki, doğrudan da işçilərimiz rəqib komandanın futbolçularını vurublarsa, bu, bizim üçün dözülməz və qəbulolunmaz haldır. Məsələyə nöqtə qoyulduqdan sonra o insanlar mütləq cəzalanıb komandadan uzaqlaşdırılacaqlar. Sadəcə, elə şeyin baş verib-vermədiyini və konkret kim tərəfindən törədildiyini dəqiqləşdirmək istəyirik”.
İsmayılov klubdaxili araşdırmanın qısa zamanda bitəcəyini söyləyib: “Daxili araşdırma çox çəkməz. Sadəcə, komandada işçi sayımız azdır. Hazırda hamımız Azərbaycan Premyer Liqasında XXXII turun "Turan Tovuz"la səfər oyunu ilə əlaqədar Tovuzdayıq. Yəni, bu gün bu yöndə iş görülmür. Amma daxili araşdırmamız uzun vaxt aparmayacaq. Apellyasiya şikayətinə nə zaman baxılacağı isə artıq AFFA-nın daxili qanunlarına uyğun olduğundan, bunu dəqiq deyə bilməyəcəyəm”.
Qeyd edək ki, aprelin 22-də keçirilmiş U-15 Liqasının oyununda “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.