
İspaniya Kubokunda final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici qarşılaşmada "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.
Sevilya şəhərindəki "Estadio de La Cartuja" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.
İlk yarıda "Barsa" Pedrinin 28-ci dəqiqədə vurduğu qolla önə çıxıb. Fasilədən sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kilian Mbappe, Luka Modriç və Arda Güləri meydana buraxıb. 70-ci dəqiqədə Mbappe bərabərlik qolunu vurub. 77-ci dəqiqədə isə Gülərin künc zərbəsindən havalandırdığı topa Orelyen Çuameni başla dəqiq zərbə endirib.
Lakin Ferran Torres 84-cü dəqiqədə hesabda tarazlıq yaradıb.
90+6-cı dəqiqədə Raul Asensio ilə mübarizədə Rafinya yerə yıxılaraq, penalti qazanıb. Baş hakim Rikardo De Burqos əvvəlcə 11 metrlik cərimə zərbəsi təyin edib, lakin VAR-a baxdıqdan sonra qərarını ləğv edib və Rafinyaya sarı vərəqə göstərib.
"Barselona" qələbə topunu əlavə vaxtda vurub. 116-cı dəqiqədə Jül Kunde fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 3:2.
Beləliklə, "Barselona" 32-ci dəfə İspaniya Kubokuna sahib çıxaraq, şəxsi rekordunu yeniləyib. "Real Madrid" isə UEFA Çempionlar Liqasının ardından İspaniya Kubokunda da titul əldə edə bilməyib.
-----------------------
Bu gün İspaniya Kubokunun final oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Sevilyadaki "Olimpiko de Sevilya - La Kartuxa" stadionunda baş tutacaq matçda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gələcək.
Baş hakimi Rikardo De Burqos Benqoeçeanın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
"Barselona" 31 dəfə çempion olmaqla kubok tarixinin rekordçusudur. "Real Madrid"in aktivində 20 titul var. "Kral klubu" indiyədək finalda məğlub olmayıb.
İspaniya Kubokunun son qalibi 24 titulu olan "Atletik Bilbao" komandasıdır.
Cari mövsüm ərzində keçirilən hər iki "El-Klasiko"nu "Barselona" darmadağınla qazanıb - 4:0, 5:2.
Qeyd edək ki, aprelin 25-də yayılan məlumatlara görə, "Real Madrid" hakim təyinatından narazı olduğu üçün oyunu boykot edəcəkdir. Lakin, Madrid təmsilçisi rəsmi bəyanat yayaraq, meydana çıxacaqlarını bildirib.
İspaniya Kuboku
Final
27 aprel
00:00. "Barselona" - "Real Madrid" - 3:2 (ƏSAS VAXT - 2:2, ƏLAVƏ VAXT - 1:0)
Qol: Pedri, 28. Ferran Torres 84. Jül Kunde, 116 - Kilian Mbappe 70. Orelyen Çuameni 77
Baş hakim: Rikardo De Burqos Benqoeçea
Sevilya, Estadio de La Cartuja.