
“Qusardan uzaqda oynamağımıza baxmayaraq, azarkeşlər Şamaxı və ya Bakı fərq etmir, hər zaman bizi stadiondan dəstəkləyirlər. Göstərdiyimiz nəticə onların haqqı və qələbəsidir”.
Bunu “Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev II Liqanın XXIV turunda səfərdə “Şəfa” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
36 yaşlı yarımmüdafiəçi çempionluğun taleyini böyük ölçüdə müəyyənləşdirən qarşılaşmadan 1 xalla ayrılmalarını belə şərh edib: “Rəqib demək olar, II Liqanın ən güclü komandasıdır, güclü heyəti və məşqçisi var. Buna baxmayaraq, biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. O demək deyil ki, onlardan zəifik. Bizim də çox yaxşı heyətimiz var. Bu gün sübut etdik ki, biz çempionluğa layiqik”.
Əmirquliyev “Şahdağ Qusar”ın əsas hədəfinin məğlubiyyətsiz çempionluq olduğunu vurğulayıb: “Qarşıdakı turlarda da uduzmaq fikrində deyilik. Heç bir rahatlıqdan söhbət gedə bilməz. Biz uzun yolu bu cür gəlmişik, cəmi iki tur qalıb. Çalışacağıq ki, birinci yerimizi qoruyaq”.
Azərbaycan millisinin sabiq futbolçusu növbəti mövsüm "Şahdağ Qusar"dakı taleyinin hələ dəqiqləşmədiyini qeyd edib: “Gələn mövsüm barədə indidən heç nə deyə bilmərəm. İki oyunumuz var. Məndən olsa, gələn il də oynamaq istərdim. Çempionat davam edir, mövsümün sonunda qərar vermək olar”.
Qeyd edək ki, “Şahdağ Qusar” 68 xalla turnir cədvəlinin birinci, “Şəfa” isə 65 xalla ikinci pilləsində qərarlaşıb.
Haşım MƏMMƏDOV