
“Görünür, biz qonşu ölkələrin uğuruna baxıb, təəssüflə yaşayacağıq. Hələ bizdə nə infrastruktur yönünüdə iş gedir, nə də böyük sıçrayış var. Nəticə verən tək “Qarabağ” idi, ötən mövsüm onlar da Avropa Liqasında fiasko yaşadı. Biz futbolu hamı kimi inkişaf etdirməli olduğumuz vaxtda hər şeyi məhv etdik”.
Sportnet.az xəbər verirki Bunu Teleqraf-a açıqlamasında Tərlan Əhmədov Özbəkistan millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması barədə danışarkən deyib.
54 yaşlı mütəxəssis dost ölkənin bu uğurunu surpriz hesab etməyib. Əhmədov bu nəticəni düzgün stratetegiyanın məhsulu adlandırıb: “Özbəkistanın vəsiqə qazanması surpriz qəbul olundu. Çünki hamı futbol oynamağa başlayıb. İnsanlar sitem, struktur şəklində iş görürlər. Həmçinin, bütün savadlı mütəxəssisləri işə cəlb edirlər.
Futbolda xeyir verəcək layihələri həyata keçirirlər. Bunun müqabilində özbəklərin aşağı yaş qruplarında da inkişaf müşahidə olunur. Əsas milli komandanın bir neçə aparıcı futbolçusu Avropada - “Roma”, “Mançester Siti”də top qovur. Hətta 17 yaşlı oyunçularını “Mançester Yunayted” almaq istəyir. 19 yaşlılardan ibarət milli komandası Asiya çempionu oldu. İstər-istəməz əsas milli komandalarının DÇ-2026-ya vəsiqə qazanması görülən işlərin nəticəsidir.
Vaxtilə Azərbaycan millisinin heyətində Özbəkistana qarşı oynamış, bu yaxınlarda isə Daşkənddə səfər etmiş keçmiş müdafiəçi görülən işlərə canlı şahidlik etdiyini vurğulayıb: "Tək "Bunyodkor" stadionunun ətrafında 8 təlim-məşq meydançası var. Bütün akademiya üzvləri orada məşq edir. Məşqçilərin hamısı yerli mütəxəssislərdir. Yerli çempionatlarında birinci yerdə gedən komandanın baş məşçisi Mircəlal Qasımovdur. Yəni, bütün savadlı mütəxəssislər, veteran mütəxəssislər iş başındadır. Hamısı da qarşısına məqsəd qoyub ki, yerli futbolçular məşq etməli, yerli istehsal olmalı və Avropaya çıxmalıdırlar. Bunun da müqabilində Avropada oynayan futbolçuların mundiala vəsiqə qazanmaları nə qədər surpriz olsa da, həm də insanların gördüyü işin nəticəsidir”.
Əhmədov Azərbaycan futbolunun inkişaf etməməmsinin əsas səbəbini yerli futbolçu yetişdirilməsi üçün düzgün sistemin formalaşdırılmamasında görür: “Biz uzun illər futbolçu hazırlığı ilə məşğul olan Gəncə futbol məktəbini dağıtdıq. Həmçinin “Turan Tovuz”u uzun illər futboldan uzaqlaşdırdıq. “Zaqatala” futbolçular yetişdirmişdi, biz onu məhv etdik. Əlavə olaraq, özümün doğulub boya-başa çatdığım Şirvan futbol məktəbi, hansı ki, 1980-ci ildə klub ölkə çempionu olub, amma indi vəziyyətdədir. “Xəzər Lənkəran”, Lənkəran futbolu məhv oldu. Bunlar hamısı onu göstərdi ki, biz sözdə futbolu inkişaf etdirdik, əməldə isə heç bir iş görülmədi. Müstəqilliyə qədəm qoyduğumuz dönəmdən futbolumuz da müstəqil oldu, amma heç nə dəyişmədi. Elə illər oldu ki, yerimizdə saydıq, elə illər oldu ki, geri getdik. Geri getdiyimiz illərdən biri də 2024/2025 mövsümüdür. Biz futbolda nəyəsə nail ola bilmədik. Nə milli, nə də klub səviyyədə qazandıq. Normal futbolçular da yetişdirə bilmədik. İllərlə bunun qarşısı alındı”.
Millinin keçmiş kapitanı təcrübəli yerli mütəxəssislərin işsiz qalmasının da uğursuzluqda payı olduğu fikrindədir: “Legionerlərə limitlər tətbiq olundu, indi isə limit ləğv olundu. PRO kateqoriyalı, savadlı məşqçiləri ləkələyib işdən çıxardılar. Nəticə verən mütəxəssislər işlə təmin olunmur. İldə 10-15 məşqçi PRO katrqoriyası alır, amma heç kim işlə təmin olunmur. Klublar ümumiyyətlə, işlə təmin etmir və onlara biganə yanaşır. Yerli mütəxəssislərə “soyqırımı” kimi yanaşırlar. Bu arada da, digər ölkələr iş görür.
İstər Gürcüstan futboluna baxaq, hamısı yerli mütəxəssislərdir. Həmçinin Özbəkistan millisi və federasiyasında veteran futbolçulardır. Onların tövsiyələri nəzərə alınır, özləri işə cəlb edilirlər. Bunun da nəticəsi göz qarşısındadır”.
Əhmədov uşaq futboluna xüsusi diqqət ayırmaq üçün mərkəzləşdirilmiş sistem yaradılmasını təklif edib: “Azərbaycanda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və AFFA arasında bir mərkəz yaradılmalıdır. Bu mərkəzdə akademiya uşaqlarının savadlandırlması, çempionatlarının təşkili və s. məsələlər həll olunmalıdır. Orada dost-tanış və qohumluq söhbətləri olmamalıdır. Biz futbolun inkişafını istəyiriksə, bunu etməliyik. İllərdir bu sözü deyirəm və bunu eşidən yoxdur. Aşağı yaş liqalarında çempionatların düzgün keçirilməməsi, 10-12 yaşlı uşaqlardan nəticə tələb olunması, yəni, inkişaf deyil, sırf nəticəyə oynanılması futbolumuza mənfi təsir edir. Bu mərkəz yaradılmadığı və aşağı yaş qruplarının çempionatı düzgün keçirilmədiyi müddətdə biz hansısa inkişafdan söz edə bilmərik. Biz Özbəkistan, Gürcüstan millisinə baxıb təəssüf hissi keçirəcəyik. Beləcə, yerimizdə sayacağıq, amma hamı inkişaf edəcək. Bu yanaşmanı artıq dəyişməliyik. Yeni eranı başlatmalı, limit məsələsinə yenidən baxmalıyıq. Yerli futbolçular hansı şəraitdə, necə inkişaf etdirilməli və hansı proqram üzrə getməlidir. Bunların hamısı yerli mütəxəssislərlə birgə həyata keçirilməlidir.
Yerlilərə qarşı “soyqrımı” dayandırmalıdırlar. Nəticə verən, can-başla işləyən məşqçilərin hamısını kənarda qoyurlar. Danışanda "yerli mütəxəssis yoxdur" deyirlər. Nəticə verəndə isə adımız ləkələnir. Onda PRO kateqoriyası üçün məşqçilik kursu nə üçün keçirirlər? Bunların hər biri yerində olmalıdır ki, nəticə də olsun”.