
“Ölkəmizin daha çox futbolçusu aparıcı liqalarda çıxış edir. Ən böyük gücümüz komanda ruhudur. Heyətimiz əsl ailə kimidir”.
Sportnet.az xəbər verir ki bunu Teleqraf-a açıqlamasında Rumınıyanın "Sepsi” komandasının futbolçusu Mark Tamaş Macarıstan millisinin Azərbaycana qarşı Bakıda keçirəcəyi yoxlama görüşü barədə danışarkən deyib.
Qış fasiləsində “Neftçi”dən ayrılan 32 yaşlı macarıstanlı müdafiəçi sabahkı qarşılaşmada öz yığma komandasının şansını və keyfiyyətini yüksək dəyərləndirib: “Hesab barədə indidən dəqiq nə isə deyə bilmərəm. Amma hiss edirəm ki, oyun 2:0 hesabı ilə Macarıstanın xeyrinə bitəcək”.
Tamaş budəfəki təlim-məşq toplanışına dəvət almadığı üçün Azərbaycana səfər etməməsinə təəsssüflənib. O, sabah baş tutacaq qarşılaşmada öz ölkəsinin milli komandasını dəstəkləyəcəyini bildirib: “Təəssüf ki, oyunu izləmək üçün Bakıya gələ bilməyəcəyəm. Amma televiziya vasitəsilə izləyəcəyəm. Düşünürəm ki, Macarıstan bu görüşü qazanacaq. Xüsusilə də son oyunumuz (İsveç - 0:2 - red.) uğursuz alındığı üçün bu qarşılaşmanı mütləq qazanmalıyıq. Çünki dünya çempionatının seçmə mərhələsi başlamazdan əvvəl bu, bizim üçün vacibdir”.
Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu iyunun saat 20:00-da başlanacaq. Milli iyunun 7-də səfərdə Latviya ilə qolsuz heç-heçə edib.