
“Neftçi”nin əsas komandası 2024/2025 mövsümünü 6-cı pillədə bitirsə də, “ağ-qaralar”ın sevindiyi əsas məqam akademiyadan çıxan bir neçə futbolçunun Azərbaycan milli komandasına dəvət alması olub.
Eyni zamanda Əvəzedicilər Liqası və aşağı yaş qrupları üzrə Liqalarda paytaxt klubunun müvafiq komandaları müxtəlif əyarlı medallar qazanıblar.
“Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül ümumi nəticələr, gələcək planları və digər məsələlərlə bağlı Sportnet.az-a müsahibə verib.
- AFFA U-17 liqasının son turunda “Neftçi” “Turan Tovuz”u 6:0 hesabı ilə məğlub edərək 109 xalla mövsümü çempion başa vurdu. Nəticələr barədə nə deyərdiniz?
- U-17 komandamız ötən mövsümün çempionu oldu, bu isə ardıcıl ikinci çempionluğumuzdur. Komandamızın oyunçu profilinə baxdıqda, əsas komandaya verilə biləcək çox sayda potensiallı futbolçuların olduğunu görürük. Ona görə də bu yaş qrupuna xüsusi diqqət ayırırıq. Ötən mövsüm təcrübənin artması və yüksək çətinlik səviyyəsinə malik oyunların keçirilməsi üçün “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” komandaları ilə yoxlama oyunları keçirildi. Bu çempionluqda həmin hazırlıq mərhələsinin, oyunçuların özünəinamı baxımından, çox müsbət rol oynadığını gördük. Məqsədimiz növbəti mövsümdə eyni heyətlə U-19 Liqasının çempionluğunu qazanmaq və “Neftçi” Akademiyası olaraq Avropa Gənclər Liqasında iştirak etməkdir.
- 2024/2025 mövsümündə Akademiya komandalarının nəticələrini necə dəyərləndirirsiniz?
- Akademiya olaraq, son 3 mövsümdə U-19 və U-17 komandalarımız istisna olmaqla, digər yaş qruplarından nəticə gözləmirdik. Akademiya fəlsəfəmiz budur ki, futbolçular düzgün oyun planı ilə çıxış etsinlər. Nəticə isə sonra avtomatik gəlir.
- Qarşıda komandalarımızı hansı beynəlxalq turnirlər gözləyir?
- İlk olaraq, iyulun sonunda 2014-cü il təvəllüdlü komandamızın Moskvanın “Dinamo” Akademiyasının dəvəti ilə Rusiya paytaxtına getməsi planlaşdırılır. Mövsüm ərzində Türkiyə və Avropa turnirləri ilə bağlı danışıqlarımız davam edir.
- 2022-ci ildən “Neftçi”də çalışırsınız, istərdik ki, bu müddətdə görülən işlərdən danışasınız - qarşıya qoyulan hansı planları reallaşdırıb, hansıları hələ reallaşdıra bilməmisiniz?
- Akademiya fəlsəfəsinin formalaşdırılması üçün son 3 mövsümdə atdığımız ən önəmli addımlar var. Birincisi, oyunçu hazırlığı proqramının və oyunçu məlumatlarının analiz sisteminin qeydiyyat altına alınması oldu. Bu sayədə biz bütün idmançıların keçmiş performans hesabatlarını görə bilirik. Beləliklə, məşqçilərimiz yalnız şəxsi fikir yox, statistik və obyektiv analizlərə əsasən qərar verə bilirlər. Məqsədimiz hər mövsüm əsas komandaya oyunçu verməkdir. Sevindirici haldır ki, planlaşdırdığımız kimi bu 3 ilin sonunda – 2024/2025 mövsümündə ən çox sayda futbolçu təqdim edə bildik.
- Son illərdə Rza Cəfərov, Ağadadaş Salyanski, Murad Məmmədov, Edqar Adilxanov kimi milli səviyyədə futbolçular parladı. Yaxın gələcəkdə bu siyahını artdığını görəcəyikmi?
- Məqsədlərimizdən biri də yalnız əsas komandamıza yox, eyni zamanda Azərbaycan milli komandasına verdiyimiz oyunçu sayını artırmaqdır. Bu səviyyədə futbolçuların sayının kifayət qədər olduğunu düşünürəm. Vacib olan onları düzgün “Elit İdmançı Proqramı” çərçivəsində yetişdirməkdir.
- Yəqin, üç il ərzində Azərbaycanda uşaq futbolunun durumu barədə müəyyən fikrə gəlmisiniz. Ümumən, ölkə futbolundakı problemlər adətən uşaq futbolundakı çatışmazlıqlarla əlaqələndirilir. Vəziyyəti necə şərh edərdiniz?
- “Neftçi” Akademiyası olaraq biz şanslıyıq. Amma Azərbaycan futbolunda ümumi problem hamıya məlumdur. Hər kəsin bildiyi kimi, infrastruktur və meydan çatışmazlığı mövcuddur. Amma bunları sadalamağın indi bir mənası yoxdur. Artıq 3 mövsümdür ki, keçirilən bütün iclaslarda bütün komandaların problemi ortaqdır. Əsas məsələ hərəkətə keçmək və həll yönümlü düşünməkdir. Burada ən böyük məsuliyyət AFFA-nın üzərinə düşür. Klubları məcbur etməli və meydança tikintisini sürətləndirməlidirlər. Təbii ki, məşqçilərə də önəmli iş düşür. Uşaqları yetişdirdiyimizi unutmadan şəxsi ambisiya, istək vacibdir. Düşünürəm ki, nəticə gözləntisindən uzaq olmalıyıq.
- Qarşıdakı mövsüm legioner limitinin olmaması akademiyanın işinə necə təsir edəcək? Necə düşünürsünüz, əvvəlki göstəriciləri əldə etmək mümkün olacaq, yoxsa mənfi təsirləri qaçılmazdır?
- “Neftçi” Akademiyası olaraq bizim üçün dəyişən heç nə olmayacaq, eyni məqsədlərlə işimizə davam edəcəyik.
- Akademiya hansısa beynəlxalq klublarla əməkdaşlıq edir və ya gələcəkdə bununla bağlı yenilik düşünülürmü? İstedadlı gənclərin xaricdə çıxış etmələri üçün nə kimi şərait yaradılır?
- Xüsusilə Türkiyədən “Qalatasaray”, “Beşiktaş” və “Altınordu”, Rusiyadan isə “Dinamo Moskva” ilə çox yaxşı əlaqələrimiz var. Bu komandalarla uzunmüddətli ortaq layihə planlarımız var.
-"Neftçi"nin bazasında beynəlxalq turnir təşkil etmək fikriniz varmı?
- Öz bazamızda turnir keçirmək arzusundayıq. Ən son apardığım danışıqlara əsasən, yuxarıda adını çəkdiyim Türkiyə klublarının akademiyaları və “Dinamo Moskva” Akademiyası bu dəvətə gəlməyə hazır olduqlarını bildiriblər. Ümid edirəm ki, gələcəkdə bunu reallaşdıra biləcəyik.