
“Hər şey oyunun 90 dəqiqəsində bilinəcək. Oyundan öncə mülahizələr yürütməyi xoşlamıram. Öz gücümüzü sabah meydanda göstərəcəyik”.
Sportnet.az xəbər verir ki, bunu “Tsele”nin baş məşqçisi Albert Riyera UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis sabahki oyunla bağlı fikirlərini də bölüşüb: “Rəqibin Azərbaycan kubokunu əldə etdiyini bilirik. Hörmətlə yanaşırıq. Nəticə sabah meydanda bəlli olacaq”.
Riyera komandasında baş tutan dəyişikliklərdən də söz açıb: “Ötən mövsümlə müqayisədə komandanı 3 əsas futbolçu tərk etdi. Dəyişikliklər var. Düşünürük ki, dəyişikliklər komandaya müsbət təsir edəcək. Biz komandaya fayda vermək üçün bu dəyişiklikləri edirik. Yəqin ki, “Sabah” bizim Konfrans Liqasındakı uğurlu çıxışımızdan məlumatlıdır və o oyunları izləyiblər. Bizim necə komanda olduğumuzu bilirlər”.
Təcrübəli mütəxəssis futbolçu olduğu vaxtlarla müqayisədə indi rəqib barədə məlumat toplamağı asan olduğunu deyib: “İndi hər şey daha asandır. Mənim əvvəlki komandam “Qalatasaray”da oynamış Cessi Sekidikadan da məlumat almışıq. Kifayət qədər məlumatımız var”.
Qeyd edək ki, “Sabah” - “Tsele” görüşü iyulun 10-da Əlincə stadionunda ("Bank Respublika Arena") saat 20:00-da baş tutacaq.