
Yusif İmanovun "Sabah" klubundan narazılıqla ayrıldığına dair açıqlaması həm də bir üsyandır. Legioner limitini büsbütün ləğv edən AFFA-ya, AFFA İcraiyyə Komitəsinə qarşı üsyan!
Sirr deyil ki, legioner limitinin ləğvi qərarı məhz "Sabah"ın diktəsi ilə qəbul olunub. İcraiyyə Komitəsini "hopp" eləyib əlinə götürən bu klubun və onu birbaşa dəstəkləyən qurumların nümayəndələri hazırda istədiklərini edirlər.
Onların futbolda əllərinin girmədiyi sahə qalmayıb. "Misli" vasitəsilə oyunların nəticələrinə təsiretmə, "Azərlotereya"nın nümayəndəsi vasitəsilə milli komanda ilə səfərlər üçün hazırlanan jurnalist siyahılarına müdaxilə, İnqilab Məmmədov kimi hakimləri oyunlara təyin etdirib istəklərinə nail olmaq, baş katibin "AFFA-nın heyətini "sıfır"dan quracağıq" deyib köhnə iş yerindən özünə qeyri-rəsmi məsləhətçi gətirməsi, hətta Fernandu Santuşa "Beşiktaş"ın ödəməli olduğu təzminatın qarşılığında onu Azərbaycan millisinə urcah edib, "Misli"nin ölkəmizdə qazandığı pulu israf etməsi məhz bunların işidir.
İndi də istedadlı bir azərbaycanlı futbolçunu göz görə-görə silmək istəyirlər. "Sabah"ın ən uğurlu baş məşqçisi Murad Musayevin güvəndiyi, onun sayəsində Azərbaycan millisinə də çağırılmış İmanov artıq klubun iştirak ərizəsinə də salınmır. Bu gün İmanov açıqlama yayaraq, komandadan ayrılmasını son 6 ayda klub daxilində özünə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, belə münasibət karyerasına, xüsusilə də millinin gənc qapıçısı kimi inkişaf perspektivinə mənfi təsir göstərib.
Nəticədə İmanov vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığı rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmağa qərar verib.
"Sabah"ın Avropa Liqası üçün iştirak ərizəsində 4 qapıçı yer alıb. Onlardan üçü - Nicat Mehbalıyev, Rüstəm Samiqullin və Rauf Əyyubov azərbaycanlıdır. Mehbalıyevin 25, Samiqullinin 23, Əyyubovun 16 yaşı var.
Amma nə olsun? Qapını Qazaxıstan yığmasının 33 yaşlı qolkiperi Stas Pokatilov qoruyur. Pokatilovun da işi-gücü qol buraxmaqdır. Azərbaycan Kubokunun finalını da nəzərə alsaq, son 4 oyunda qapısından 10 top buraxıb. Bu oyunların cəmi birində "Sabah" qələbə qazana bilib. Qalan görüşlərdə isə 2 heç-heçə və 1 məğlubiyyət baş verib.
Yəni, Pokatilov kimi təcrübəli qapıçı da qollara əngəl ola bilməyəcəksə, onu əsas heyətdə oynatmaq nə üçündür? Olmazdımı ki, Yusif İmanov kimi klubun özəyindən yetişmiş istedadlı qapıçıya güvənilsin?
Təkcə qapıçı mövqeyindəmi? Bu klub ötən mövsüm neçə-neçə yerli futbolçunun axırına çıxdı, gah əvəzedici heyətə göndərdi, gah da ümumiyyətlə, komandadan xaric etdi.
Akademiya qurduğunu deyib car çəkən klub yerli futbolçulara bu dərəcədə düşmən kəsilməməlidir. İnkişaf Strategiyasından dəm vurub "Qəbələ" Futbol Akademiyasının dağılmasına göz yuman AFFA rəhbərliyi səsini çıxarmır. "Sabah"laşmış AFFA milli üzvünə qarşı belə bir haqsızlığı seyr etməklə məşğuldur.
Əvvəlcə "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması, daha sonra yerli futbolçu Yusif İmanovun üzləşdiyi haqsızlığı dilə gətirməsi ölkə futbolu adına heç də xoş gələcək vəd etmir.
Bu ədalətsizliyə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İctimai Birliyi hələ də dözür...
Çünki dözməkdən başqa çarələri də yoxdur!