
"Yeni seçmə turnir bizim üçün çox uğurlu başlaya bilər. Çətin qrupa rəğmən, yaxşı şanslarımız var. Həyəcanlı olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu İslandiya millisinin qapıçısı Elias Rabn Olafsson Azərbaycan və Fransa millilərinə qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl yerli mətbuata açıqlamasında deyib.
Danimarka "Midtüllann"ında çıxış edən 25 yaşlı qapıçı mütləq qalib gəlməli olduqlarını bildirib: "Əlbəttə, sadəcə, udmağımız lazımdır. Bu oyunda 3 xal qazanmağımızın gərəkliyini gizlətmək olmaz. Bu, hədəfimizdir və biz buna cümə günü nail olmaq niyyətindəyik".
O, artıq məşqdən öncə Azərbaycan və Fransanın çıxışını izlədiklərini əlavə edib: "Rəqiblərimizin necə oynadıqlarını, hücum və pressinq imkanlarını araşdırdıq. Onların oyunlarının videolarına yenə baxacağıq".
Yığmada İngiltərə "Brentford"undan dəvət almış Hakon Rafn Valdimarssonla rəqabət aparan Olafsson "Midtüllann"da mövsümə yaxşı başlayıb. O, start heyətdə meydana çıxmağa optimist yanaşdığını bildirib.
Qeyd edək ki, Qeyd edək ki, İslandiya Azərbaycan millisi ilə sentyabrın 5-də evdə Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 9-da isə skandinaviyalılar Fransanın qonağı olacaqlar.