
"Fernandu Santuş təcrübəli məşqçidir. Mənim beynəlxalq futbol təcrübəm isə göstərir ki, hər oyuna bütün varlığını qoymalısan, əks halda işlər pis qurtara bilər".
Sportnet.az xəbər verir ki, bunu İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, bu cür şeylər olmamalıdır: "Biz özümüzü inanılmaz dərəcədə gümrah hiss edirik. Məşqlər əla keçib, meydan da çox yaxşı vəziyyətdədir. Hazırda gərginlik səviyyəsi ideal görünür və bu matçla bağlı çox yaxşı hisslərim var".
Qunnlauqsson mütləq qələbə qazanmalı olduqlarını vurğulayıb: "Bu oyunu ölüm-dirim məsələsi adlandırmaram, amma buna çox yaxındır. Böyük xəyallarımız var və irəli atılmaq istəyirik. Sabah biz mütləq qalib gəlməliyik. Bu, özümüzün üzərimizə qoyduğumuz təzyiqdir. Qələbə qazanmalıyıq və bu qarşılaşma ətrafında necə müzakirələrin getdiyini hiss edirik".
Qeyd edək ki, sentyabrın 5-də Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.