2026-cı il dünya çempionatının I qrupunda II turun ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Fransa millisi İraq yığması ilə qarşılaşıb.
ABŞ-nin Filadelfiya şəhərindəki "Linkoln Faynenşel Fild" stadionunda keçirilən görüş Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab 14-cü dəqiqədə açılıb. Fransa millisinin hücumçusu Kilian Mbappe Maykl Olisenin ötürməsindən sonra fərqlənərək komandasını önə keçirib.
İlk yarının sonlarına yaxın Filadelfiyada başlayan güclü yağış səbəbindən ikinci hissənin startı təxminən iki saat gecikib. Fasilədən sonra da üstün oyununu davam etdirən fransızlar 54-cü dəqiqədə hesab arasındakı fərqi artırıblar. Bu dəfə yenə Mbappe fərqlənib, məhsuldar ötürmənin müəllifi isə Usman Dembele olub.
66-cı dəqiqədə isə Dembele özü qola imza ataraq matçın yekun nəticəsini müəyyənləşdirib. Olise görüşdə ikinci məhsuldar ötürməsini edib.
Beləliklə, Fransa millisi ardıcıl ikinci qələbəsini qazanaraq dünya çempionatının pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
Didye Deşamın baş məşqçi olduğu kollektiv qrup mərhələsinin son turunda iyunun 26-da Norveç yığması ilə qarşılaşacaq. Həmin gün İraq millisi Seneqalla üz-üzə gələcək.
DÇ-2026
II tur
I qrupu
01:00. Fransa - İraq - 3:0
Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66
Baş hakim: Drü Fişer (Kanada)
Filadelfiya (ABŞ), "Linkoln Faynenşel Fild" stadionu










































































