
Azərbaycan millisinin İslandiya və Ukrayna ilə oyunlar üçün ilk hazırlıq prosesindən yayımlanan fotolarda bir məqam diqqət çəkdi. Orada məşqi AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyev izlədiyi halda, Fernandu Santuş komandanın yanında deyildi. Oturmuşdu ehtiyat oyunçular skamyasında və göstərişlərini də elə oradan köməkçiləri vasitəsilə çatdırırdı.
Təsəvvür edin, AFFA rəhbərliyi məşqi izləməyə gəlir, sən onlara saymazyana münasibət bəsləyirsən.
Ötən gecə millinin İslandiyaya 0:5 hesablı məğlubiyyətindən sonra Fərəcullayevin Santuş barədə sərt açıqlamaları ilə tanış olduqda onlar arasında soyuq münasibətlərin olmasına dair ciddi əsaslar yarandı.
Ümumiyyətlə, Fərəcullayev publikaya işləməyi yaxşı bacarır. O, belə bir qabiliyyətini gəldiyi ilk vaxtlardan göstərməyə başlayıb. Ya son dərəcə səmimiliyindəndir, ya da son dərəcə sərtliyindən.
Yadınızdadırmı aprelin 11-də keçirilmiş AFFA-nın Konfransı? Deyirdi ki, bu qurumu dəyişməyə sıfırdan başlamaq lazımdır. Yanında da oturmuşdu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf. Eləcənə öz kadrının iddialı açıqlamalarından feyziyab olurdu.
Sonradan məlum oldu ki, Azərbaycan futbolunun bu vəziyyətə düşməsinin əsas səbəbkarı ... mətbuat katibi imiş. Çünki o, heç kimin hansısa tənqidi fikir yazmasına imkan verməməlidi idi.
Ardından Fərəcullayev müavinlərinin sayını 1-dən 3-ə çatdırdı. Bununla da icraçı vitse-prezident Sərxan Hacıyev tam zərərsizləşdirildi.
Baş katibin publikaya işləməsinin növbəti nümunəsi elə bu gecə Reykyavikdə İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra yaşandı.
Tutaq ki, biabırçı məğlubiyyətə görə yalnız Santuş günahkardır. Bəs U-21 millisinin Portuqaliyada eyni hesabla darmadağın olmasının səbəbkarı kimdir?
Bəlkə iki "0:5"i birləşdirib "Günahkar birbaşa Portuqaliyadır" deməli idi?! Çünki U-21-i udan da, əsas milliyə, lap elə yeri gəlsə, Türkiyənin "Fənərbağça" komandasına Joze Mourinyonu baş məşqçi göndərən də Portuqaliyadır.
Amma əsl həqiqət Portuqaliyadan yox, Türkiyədən - Santuşu Azərbaycan millisinə urcah edəndən qaynaqlanır. Bu barədə dəfələrlə deyilib, bir daha təkrarlanmaqda fayda var. Santuşun Azərbaycan millisinə baş məşqçi təyinatı AFFA-nın iradəsi ilə gerçəkləşməyib. Onu bura "Misli"nin sahibi, "Beşiktaş"ın keçmiş prezidenti Yııdırım Demirören calayıb.
Məlumdur ki, portuqaliyalı mütəxəssis 2024-cü il yanvarın 9-da İstanbul klubu ilə 1,5 illik müqavilə bağlayıb. Lakin çox keçmədən - həmin il aprelin 13-də o, "ağ-qaralar"ın sükanı arxasından istefaya göndərilib. Şübhəsiz ki, bu halda Santuşa böyük məbləğdə təzminat ödəmək lazım idi.
Belədə çıxış yolu portuqaliyalı baş məşqçini "Misli" vasitəsilə Azərbaycan millisinə urcah etmək idi. Belə bir halın baş verdiyini 2024-cü ilin oktyabrın 17-də "İctimai Televiziya"da yayımlanmış "Sabaha saxlamayaq" verilişində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də təsdiqlədi. O, açıq-aşkar bildirdi ki, Santuşu milliyə sponsorlar gətirib və pulunu da onlar verib.
Elə Fərəcullayev də AFFA-nın baş katibi vəzifəsinə "Misli" brendinin sahibi “Azərlotereya”dan gəlib, orada baş direktorun müşaviri vəzifəsində çalışıb. Amma çox qəribədir ki, eyni budağın qolları bir-biri ilə yola getmir.
Əlbəttə, baş katibin millinin məğlubiyyətlərinə görə baş məşqçini günahlandırması müsbət haldır, cəsarətli addımdır. Amma axı günah təkcə Santuşda deyil, onu bura gətirən də elə AFFA-nın indiki rəhbərliyidir.
İndi "İlanı Seyidəhməd əli ilə tutmaq" nə üçündür? Santuş üçün "son tuş" çalıb yola salmağa jurnalistlərin köməyimi lazımdır? Göndərəsi idinizsə, bir ildir bu baş məşqçini bəsləyib hazırkı seçmə tsiklədək niyə saxlayırdınız? Elə ötən il Millətlər Liqasındakı uğursuzluqdan sonra qovmaq olmazdı?
Əlbəttə, Fərəcullayevin buna da cavabı tapılacaq: "Mən həmin vaxt AFFA-da işləmirdim".
SEYMUR