
Vüsal MEHDİOĞLU
AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərlə söhbətində millinin baş məşqçisi Fernandu Santuşun ünvanına sərt ittihamlar səsləndirib.
AFFA rəsmisi bəyan edib ki, portuqaliyalı mütəxəssis komandanı oyuna hazırlaya bilməyib: ''Biz bu məğlubiyyətin hesabatını gözləyirik. Bu nəticə millinin baş məşqçisinin Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir''.
Milli assosiasiya rəsmisinin sözlərinə inansaq, bütün günah əcnəbi baş məşqçidədir. Fərəcullayev iddia edir ki, Santuş komandanı oyuna kökləyə bilməyib, nəticədə əhalisi Azərbaycandan 25 dəfə az olan ölkəyə 0:5 hesabı ilə uduzmuşuq.
Deyək ki lap Santuşu daş-qalaq edib qovdunuz. İslandiya biabırçılığını da yazdınız onun ayağına. Sonra nə baş verəcək?
Fransa, Ukryana ilə görüşlərdə yaşana biləcək daha ağır məğlubiyyətlərə nə don geyindirməyi planlaşdıracaqsınız?
Baş məşqçidən öncə hesabatı AFFA rəhbərliyi verməlidir. Ölkə futbolunun belə bir acınacaqlı duruma salınmasına cavabdeh qurumun rəhbərliyi dərhal istefa verməlidir.
AFFA prezidenti, baş katib, futbolla bağlı qərarların qəbulunda səlahiyyət sahibləri işlərindən uzaqlaşdırılmalıdır. Vaxt itirmədən futbol cameəsinə yaxından bələd olan nüfuzlu mütəxəssislər AFFA idarəçiliyinə cəlb edilməlidir.
Güclü milli komanda yaratmaq üçün bütün işlər paralel və planlı şəkildə həyata keçirilə bilər. Uşaq futbolundan tutmuş meydançaların durumuna qədər hər sahəyə ciddi nəzarət və dəstək nümayiş olumalıdır.
Belə planlı strategiya ortaya qoyulmasa, baş məşqçiləri dəyişməklə heç nəyə nail olunmayacaq.
İşlər düzgün qurulsa, futbolçu da yetişəcək, güclü klublarda oynaya biləcək futbolçular da.
Xeyli illər boşuna verilib. Əvvəl-axır ölkə futbolunu bu sahəni dirçəltməyə qadir insanlara tapşırmaq lazımdır.
''Qarabağ''ın Çempionlar Liqasınqa əsas mərhələyə vəsiqə qazanmasının Azərbaycan futbolunun hansı səviyyədə olmasına aidiyyatı yoxdur. Bu, göstərici deyil.
Xorvatiyanın hazırda Çempionlar Liqasının Liqa mərhələsində təmsilçisi yoxdur. Amma dünya çempionatında final oynayan milli komandaları var. Ölkə futbolunun güzgüzü yığmadır. Yığma güclüdürsə, futbol var.
Ortabab İslandiyaya 0:5 uduzan ölkədə futbolun necə uçuruma yuvarlandığını təsəvvür etmək çətin deyil.
Rəzalətin tablosu, bax, budur!