
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov evdə Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az 44 yaşlı mütəxəssisin fikirlərini təqdim edir:
- Əlbəttə, belə oyundan sonra danışmaq çətindir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Cəmi bir gün vaxtımız var idi, amma istək, xarakter göstərib meydançada nəyimiz varsa ortaya qoymaq lazım idi və bunu da etdik. Qəbul edək ki, uzun müddətdir millidə bu ruh görünmürdü. Azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.
Elvin Cəfərquliyev yorulmuşdu və əvəzlənmək istəyirdi, amma Xeybullaev zədələndiyi üçün Elvin meydanda qalmalı oldu. Bu istək, bu qazanılan xal bizim üçün çox önəmlidir.
Psixoloji durumumuz çətin idi, çünki İslandiyada məğlub olub gəlmişdik. Bu gün isə Emin üçün də xüsusi bir gün oldu.
Bir gündə çox şeyi dəyişmək mümkün deyil, həm də vaxtımız olmadı ki, geniş məşq keçək. Səhər yalnız taktiki məşq etdik və bir gündə nəyi verə bilirdiksə, verdik. Rəqibin bəzi güclü hücumları var idi, onların qarşısını almaq lazım idi və bunu da etdik. Futbolçularımın hər biri çox istəkli idi.
Bu, bizim ikinci rəsmi oyunumuz idi. Mənim üçün isə çox emosional an oldu, artıq 2 gündür yatmamışam. Azərbaycan adı varsa, hər şeyə dözməliyik.
Gələn ay oyunlarımız var, amma Fransa ilə matç barədə indidən nəsə deməyim düzgün olmaz. Əsas odur ki, öz gücümüzü tapaq, gücümüzü qəbul edək. Bu gün Fransa ilə oynamağımız özü bizim üçün böyük şansdır.
Mahir və Renat taktiki baxımdan pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu, Renat isə sonradan daxil olmuşdu. Açığı, həmin qarşılaşmaya tam baxa bilməmişdim, çünki hadisələr ani baş verdi.
Futbolçular məyus və bir az da dağınıq idilər. Bu səbəbdən təcrübəli oyunçularla görüşdük, söhbət etdik. Digər futbolçuların da daha çox potensialı var və inanıram ki, gələcəkdə daha yaxşı olacaq.
Bilirəm, qələbə daha yaxşı olardı. Anatoli bu gün oyuna güc qatan oyunçulardan biri idi.
Rəhbərliklə görüşümüz oldu. Bu oyuna 1 günlük kənardan hansısa baş məşqçinin gəlməsi düzgün olmazdı. Mən isə U-21 baş məşqçisi kimi burada oldum.
Üç yer yox, U-21-i köməkçilərə tapşırmışdım. İki yerdə işləməyi çatdırmaq olur.
Xaybullayev Azərbaycanda oynayan ən yaxşı dayaq yarımmüdafiəçilərdən biridir, onu milliyə çağırdım. Bundan əlavə, Rüstəm Əhmədzadəni də son turlardakı performansına görə milliyə dəvət etdim.
Toral Bayramov oyuna sonradan daxil oldu. Penalti vurmaq hüququnu Emin Mahmudova vermişdim, çünki çox istəyirdik ki, o, qol vursun. Soyunub-geyinmə otağında da futbolçularla danışanda dedik ki, canımız qurtardı, çünki bu qərar üzərində çox fikirləşmişdik.
Bu gün isə çox düşündük ki, start heyətdə Toral oynasın, yoxsa Rüstəm Əhmədzadə. Nəticədə seçimimizi Rüstəmin üzərində etdik.