
"Əvvəlki qarşılaşmalarla müqayisədə daha aqressiv oynadıq. Sadəcə, oyun ərzində buraxdığımız ən böyük kobud səhv qapımızda qolla nəticələndi. Rəqib bildiyimiz gedişlərlə boşluğumuzdan istifadə edərək, qapımıza qollar vurdu".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov Qəbələdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ardıcıl 4 məğlubiyyət xoş deyil: "Amma istəyirik ki, komandanı daha da toparlayaq. Əvvəlki oyunlara nəzərən daha istəkli, daha aqressiv komanda gördük. Bunun üzərində daha çox çalışacağıq".
Şükürov ona 3 turluq vaxt verildiyinə dair xəbərlərə də aydınlıq gətirib: "Söhbət 3 turdan getmir. Qarşımızda duran hədəf komandanın durumunun yaxşılaşdırılması və gələcək oyunlarda xallar toplamaqdır. Təbii ki, xallar itirilirsə, bərpa olunmur, yeni xallar yığılır".
Baş məşqçi son mövsümlər "Kəpəz"in ilk turlarda uğursuzluqlar yaşamasının səbəbini də açıqlayıb: "Mən “Kəpəz”də oynayanda da belə hallar olmuşdu. Sadəcə, hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Bu gün onlar bir-birilərinə uyğunlaşmışdılar və əvvəlki turlara nəzərən daha kompakt formada çıxış edirdik. Düşünürəm ki, qarşıdakı oyunlarda məqsədlərimizə çatacağıq".
Haşım MƏMMƏDOV