
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Çox sürətli, çox keyfiyyətli, dinamik bir oyunun şahidi olduq. Qarabağla aramızda keçirdiyimiz maraqlı oyunlardan biri idi. Hər iki komanda çox istəkli idi, meydanda qələbə qazanmaq üçün çox çalışırdılar. Buna görə də son saniyələrə qədər çox emosional oyun izlədiq. Oyunun gedişatına görə artıq belə deyək qələbə qazanmaq şansı yaranmışdı, çalışdıq, istədik, təəssüf ki, qol buraxdıq və bu gün buradan 1:1 hesablı bərabərliklə ayrılırıq. Bizim üçün yaxşı nəticədir, "Qarabağ"la səfərdə, evdə fərqi yoxdur, alınan hər bir xal çox dəyərlidir. Göstərdikləri əzmkarlığa və inama, oynadıqları futbola görə təşəkkür etmək istəyirəm. Artıq növbəti tura – "Şamaxı" ilə qarşılaşmaya keçid etməliyik.
- "Qarabağ"a yoldaşlıq görüşündə 0:4 hesabı ilə uduzmuşduz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu...
– Kadi usta futbolçudur, hər bir standart vəziyyətdə Kadi varsa, bilirik ki, bu, təhlükəlidir. Rəqibin də həmin dəqiqələrdə standart vəziyyətləri çox təhlükəli idi və o səbəbdən də orada "canlı sədd"ə iki nəfər qoya bilmədik, məcbur bir nəfər qoyduq. Digərləri demək olar ki, birə-bir oynayırdı. O da o fürsətdən yaxşı istifadə etdi, usta zərbə endirdi, yerinə yetirdi. Özünü də təbrik edirəm, yaxşı, ağıllı bir qol alındı. O dəqiqələrdə oyunu kilidləmişdik, oyundan qol epizodu vermirdik, amma standart vəziyyət çox təhlükəli idi. Ümumən "Qarabağ" bu gün çox dinamik, sürətli oyun sərgiləyirdi və qarşısını almaq çox çətin idi. Futbolçular çox güc sərf etdilər.
- Qapıçı topu çıxara bilərdimi?
– Baxmamışam, baxdıqdan sonra fikir deyə bilərəm.
- Komandanın penalti vuranı dəyişib. Bu barədə nə deyə bilərsiniz?
– Məndə belə bir fikir var ki, bir oyunçu 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət Alıyev yenə bizim penalti vuranlarımızdan biridir, hər an topa yaxınlaşaraq, götürüb vura bilər. Sadəcə, Qismətə ara verdim. 5 il də əslində yaxşı zamandır, 5 ildə cəmi 3 penalti icra edə bilməyib və xeyli də kritik penaltiləri yerinə yetirib. Ona görə də istədim ki, psixoloji cəhətdən bir az ara verim, o da rahat olsun.
- "Qarabağ" "Sumqayıt"la oyunda da uduzdu, burada da xal itirdi. Hərçənd Çempionlar Liqasında da mübarizə aparacaq. Siz bunu özünüzə çempion olmaq üçün şans kimi dəyərləndirirsiniz?
– IV turdur və tək "Qarabağ" yox, "Sabah" komandasının, "Neftçi"nin, "Araz-Naxçıvan"ın, "Turan Tovuz"un gücünü nəzərə alsaq, təbii ki, hər bir baş məşqçi, komanda çempion olmaq istəyər. Amma bəzi reallıqlar var ki, başa düşürük. İlk növbədə, biz Avrokuboklara düşməyi düşünməliyik. Bu il çempionat keçən ildən daha rəqabətlidir. Ona görə indidən danışmaq, düşünürəm ki, çox tez və yersizdir. Təbii olaraq, hamı istəyər ki, çempion olsun. Çempionat elədir ki, rahatlıqla Avrokuboklardan kənar qala bilərsən. Ona görə ilk növbədə, fikrimizi Avrokuboklara yönəltmişik. Növbəti tur isə sadəcə, "Şamaxı" ilə oyun düşünülür.
- Transferləriniz qışa qədər artıq qapanıb, yoxsa azad agent tapsanız transferlər davam edəcək?
– Belə deyək, qarşımıza çox yaxşı futbolçu çıxsa, hər zaman mövqeyindən asılı olmayaraq, transfer etməyə çalışacağıq. Çünki bu dövrdə görürsən ki, bəzi futbolçular transfer dönəminin sonuna qədər gözləyirlər və bizim üçün yüksək qiymətli olan futbolçuların qiymətləri aşağı düşür. Elə bir variant olsa, yenə də transfer etmək istərdik. İlin əvvəlindən sol cinah mövqeyində Fuad Bayramovu və hər iki cinahda Rövlan Muradovu planlaşdırırdıq, hər ikisi də ciddi zədə aldı. Birinin üz sümüyü qırıldı, digəri dizindən çox ciddi zədə aldı. Fuad 2 ay meydanlardan uzaq qalacaq. Biz də təcili olaraq sol müdafiəçi transfer etdik. Bizdə solda bircə İssa Cibrila var, bu gün isə gördünüz ki, o cinahda Qismət oynayırdı. Çünki İssa 3 gün əvvəl millidə 90 dəqiqə oynamışdı, dünən gəlib, heç komanda ilə məşq etməyib, ona bərpa prosesi vermişdik. Ümumən də riskli idi ki, nə isə olsa, biz müdafiəçisiz qalacağıq. O üzdən də istədik ki, o mövqedə rəqabəti artıraq. Bu transfer də onunla bağlı idi.
- Hər legionerə görə 200 min manat rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiniz?
– Ümumiyyətlə limit 17-dir. Bizi nəzərə alsaq ki, komandalarımız çox yaxşı, sürətli şəkildə transferlər etdilər, bir tərəfdən bizi futbol adamı olaraq çox sevindirir. Amma rəqib olaraq da qayğılandırır ki, demək olar bütün komandalarımız iddialı, çempionatda oynamış futbolçular transfer etdilər. O səbəbdən də biz də rəqabətə uyğun addımlar atdıq. Əslində planımız da 12 idi, 12 legionerlə, maksimum 13. Amma belə deyək, rəqiblərimizin apardığı transfer siyasətini nəzərə alaraq biz də müəyyən addımlar atdıq.
- Həmişə süni örtüklü meydançalara qarşı olduğunuzu bildirirsiniz. "İmişli" Qubada oynayacaq. Ora təbii örtüklüdür. Bu, sizi sevindiir?
– Təbii olaraq bizi çox sevindirir. Əslində mən elə bilirdim Qubadada süni örtükdür. Ümumən belə deyim: komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi ki, bütün turlar rəqabətli keçir. İlk turdan I Liqadan gələn komandalar çox baxımlı, sürətli şəkildə komanda formalaşdırdılar. Bu, bizi çox sevindirir. Digər tərəfdən, sadəcə bir məsələ qalır – infrastruktur. Düşünürəm ki, qısa zamanda o da həllini tapar. Çempionatımız necə maraqlı başlayıbsa, davamı da elə olar.