
"Əlbəttə, üzücü məğlubiyyət oldu, rəqibin gücü məlum idi. Evdə daha yaxşı oynayırlar, iddialı komandadır, amma biz də mübarizə aparırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin fikrincə, komandası yaxşı mübarizə aparıb: "Sonda konsentrasiyamız çatmadı, bu, yorğunluqdan irəli gəldi. Bilirsiniz ki, qısa vaxtda oynadıq. "Karvan-Yevlax"la oyun da çətin keçmişdi. Andrey Tirkoveanunun zədələnməsi işimizi daha da çətinləşdirdi. Sonda iki qol buraxdıq. Rəqibin təzyiqi bəlli idi, daha inamlı oynasaydıq və ya ondan öncəki epizodu qola çevirə bilsəydik, bəlkə də oyunu qalib gələ bilərdik".
Bununla belə, Abbasovun sözlərinə görə, hələ heç nə bitməyib: "Mübarizə davam edir, belə oyunlar çox olacaq. Ən çox da bizim gənc futbolçularımız daha möhkəm olmalıdırlar. Bu oyunlarda daha da inkişaf etməlidirlər. Növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, "Şamaxı" VI turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Sentyabrın 26-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da başlanacaq.