
"Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib oldunuz...
- Bəli, "Partizan"da çıxış etdiyim vaxt oynamışdım. Bir dəfə Avropa Liqasının təsnifat mərhələsində və bir dəfə qrup mərhələsində. Həmin görüşlər fərqlidir. Oyunçu və baş məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.
- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsünüzmü?
- Mən belə fikirləşmirəm. Çünki bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.
- Ən çox hansı epizoda təəssüfləndiniz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...
- Elə qeyd etdiyiniz qol epizodları var idi. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.