
Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarının proqramına daxil olan oxatma yarışını Xankəndi stadionunda izləyib.
Sportnet.az xəbər verir ki, nazir yarış əsnasında jurnalistlərin suallarını cavablandırıb:
– Ümumi gedişatdan razısınızmı?
Ümumi gedişatdan çox razıyıq. İdmançılarımız çox uğurla çıxış edirlər. Elə idman növləri var ki, məsələn üzgüçülük – bu idman növündə ümumiyyətlə medallarımız yox idi. Amma indi üzgüçülərimiz çoxlu medallar qazanıblar. Artıq 2 qızıl medalımız var. Bu, onu göstərir ki, Üzgüçülük Federasiyası düzgün çalışır. İnşallah əsas məqsədimiz odur ki, bu yeniyetmə idmançıları elə bir səviyyəyə çatdıraq ki, böyüklər arasında da yaxşı çıxış etsinlər və iri miqyaslı yarışlarda – Avropa, hətta dünya çempionatında, Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil etsinlər.
– İlk dəfə olaraq bu yarış belə geniş ərazidə keçirilir. Təşkilatçılıq baxımından nə dərəcədə asan, yaxud çətin oldu?
Demək olmaz ki, asan oldu, çünki heç bir iş asan deyil. Artıq 3 dəfə Azərbaycanda iri miqyaslı multi-idman oyunları keçirilib. Ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdi, bəlkə orada daha çətin idi. Həmin müddətdən bəri bildiyiniz kimi İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı keçirilib. Hər üç oyun Bakıda, paytaxtda təşkil olunmuşdu. Bu dəfə isə ölkə başçısının qərarı ilə oyunlar 7 müxtəlif bölgədə keçirilir.
Artıq deyə bilərik ki, ölkəmizdə təcrübəli mütəxəssislərin sayı çoxdur. Düzdür, əksəriyyəti paytaxtda idi, amma bu, bizə bölgələrimizdəki gənclərlə də işləmək imkanı verdi. Yarışlarda 3 minə yaxın könüllümüz iştirak edir və bu, onlar üçün böyük təcrübədir. Bundan başqa, minə yaxın idman təşkilatlarının nümayəndələri və komitə işçiləri də çalışır. Bu da onlar üçün böyük bir təcrübə oldu.
– Qeyd etdiyiniz kimi, oyunlar 7 bölgədə keçirilir. Ən qürurverici nüanslardan biri də onlardan birinin Xankəndi şəhəri olmasıdır. Bu haqda fikirləriniz?
Biz Xankəndidə 2 il öncə böyük bir tədbir keçirmişdik. Ölkə başçısı da həmin futbol oyununda iştirak etmişdi və çox möhtəşəm alınmışdı. Artıq qərar verilmişdi ki, stadion rekonstruksiya olunsun. Burada müəyyən dəyişikliklər aparılıb, amma stadion hələ tam hazır deyil. Oyunlardan sonra işləri davam etdirəcəyik və planlaşdırırıq ki, növbəti ilin yanvar ayında stadionu tamamlayaq.
Bu stadion UEFA-nın 3-cü kateqoriyasına uyğun olacaq və burada müxtəlif, o cümlədən beynəlxalq oyunlar keçirmək mümkün olacaq. Qeyd etdiyim kimi, ötən ilin dekabrın 21-də badminton üzrə Azərbaycan çempionatı burada keçirilmişdi. Çünki 50 il öncə də Xankəndidə badminton yarışları təşkil olunmuşdu. İndi isə ilk beynəlxalq yarışımız keçirilir və bu, bizim üçün böyük qürurdur.
Təbii ki, bu iki il ərzində beynəlxalq yarışların təşkili böyük uğurdur. Mənim də şansım oldu burada iştirak edən müxtəlif idman nümayəndələri ilə ünsiyyətdə olum. Onların hər biri buradakı şəraitdən, oteldən, yeməkdən, ümumiyyətlə təşkilatdan çox razı qaldıqlarını bildirdilər.
– Medal sıralamasında hazırda 2-ci yerdəyik. Davamiyyəti necə görürsünüz?
Bildiyiniz kimi, bizim üzərimizə iki məsuliyyət düşür: həm bu oyunları təşkil etmək, həm də nəticə vermək. Biz bütün federasiyalarla birlikdə bunun üçün çalışırıq. İdmançılarımız çox səy göstəriblər, müxtəlif təlim-məşq toplanışları keçirilib, çox yarışlarda iştirak ediblər ki, doğma divarlar arasında uğurlu çıxış etsinlər.
Bundan əvvəl həm birinci, həm də ikinci oyunlarda medal sıralamasında 4-cü olmuşduq. Hazırda 2-ci yerdəyik. Planımız odur ki, bu sabitliklə yarışları başa vuraq.
– "Qarabağ" – "MOİK" oyunundan sonra stadionda hansı dəyişikliklər oldu?
Çox dəyişikliklər olub. Amma qeyd etdiyim kimi, işlər hələ tam bitməyib, yanvarda tamamlanması planlaşdırılır. Görürsünüz ki, tribunaların sol və sağ hissəsində xüsusi örtüklər quraşdırılıb, amma onların üstü də bağlanmalıdır. Digər tərəfdə inzibati bina var, o da tamamlanmalıdır.
Meydança artıq hazırdır. İnfrastruktur tam dəyişdirilib, çünki bu stadion sovet vaxtında – 50 il öncə inşa olunmuşdu və təbii ki, əsaslı təmirə ehtiyac vardı. Stadionda görülən işlər çoxdur, amma hələ görülməli olanlar da qalır.